
Çıxışında xanım Raimkulova Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv olaraq yaxın zamanda qoşulacağı ilə bağlı məmnunluğunu ifadə edərək vurğulayıb: “Bu addım Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi elmi, mədəni və maarifləndirici birgə təşəbbüslər üçün yeni üfüqlər açacaq, önəmli mərhələ olacaq”.

Forum iştirakçılarına Fondun Türk dünyasının zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirdiyi əsas layihələr təqdim olunub. Prioritet istiqamətlər sırasında — Türk xalqları folklorunun Antologiyasının hazırlanması, çoxdilli rəqəmsal irs kataloqunun yaradılması, beynəlxalq konfrans və sərgilərin təşkili, bərpa layihələrinin dəstəklənməsi və Türk mədəniyyəti və irsi mərkəzlərin yaradılması xüsusi qeyd olunub. Fond, Mədəniyyət Nazirliyinin dəstəyi ilə belə mərkəzlərdən birinin Daşkənddə yaradılmasına hazır olduğunu bildirib.

Aktotı Raimkulova bu tədbirin baxşı sənətinin elmi tədqiqatlarının dərinləşdirilməsi ilə yanaşı, Türk dünyası ölkələri arasında mədəni-mənəvi əlaqələrin genişləndirilməsi məqsədi daşıdığını vurğulayıb.

Qeyd etmək lazımdır ki, Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycan Respublikasının mədəniyyət naziri, Qırğız Respublikasının mədəniyyət nazirinin müavini, eləcə də ICESCO, TÜRKSOY, TÜRKPA, Türk Akademiyası kimi beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, tanınmış alimlər, folklorşünaslar, baxşılar, Türk dünyasının mədəniyyət xadimləri və media təmsilçiləri iştirak ediblər.